Elçin Qasımov həbsdən buraxılmasını istəyir

Elçin Qasımov, dinşünas

«Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımov həbsdən buraxılmasını istəyir. Dinşünasın həbs müddətinin artırılması haqda məhkəmə qərarından verilən şikayətə aprelin 28-də baxılacaq. Bu haqda E. Qasımovun vəkili Elnur Nəbiyev məlumat verib.

Vəkil Report-a deyib ki, şikayətə Bakı Apelyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə baxılacaq.

E.Qasımovun həbs müddətini Nəsimi Məhkəməsi aprelin 23-də üç ay artırmışdı.

Qeydiyyatı olmayan «Müsəlman Birliyi» Hərəkatına ilahiyyatçı Tale Bağırzadə rəhbərlik edir. İlahiyyatçı ötən ilin noyabrının 26-da Nardaran qəsəbəsində güc orqanlarının keçirdiyi əməliyyat zamanı tərəfdarları ilə birlikdə saxlanıb.

T. Bağırzadənin müavini E. Qasımov isə ondan daha əvvəl - noyabrın 5-də tutulmuşdu. Onun Sabunçu polisində saxlanması dindarların etiraz aksiyasına səbəb olmuşdu.

Əvvəlcə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamağa görə 30 sutka inzibati məsuliyyətə cəlb olunan E. Qasımov barəsində daha sonra həbs-qətimkan tədbiri seçilmişdi. O, xuliqanlıqda, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunur. Ona qarşı əlavə ittihamların irəli sürüldüyü bildirilir.