Cüdoçular Avropa Kubokunu qazandılar

-

Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub. Cüdo Federasiyasının yaydığı xəbərə görə, Azərbaycan milli komandası aktivinə daha 1 medal yazdırıb.

73 kq çəki dərəcəsində çıxış edən Paşa Əliyev Almaniya, Polşa, Avstriya, Ukrayna və Hollandiyadan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Lakin həlledici qarşılaşmada sloveniyalı Nik Janusa uduzan cüdoçu gümüş medalla kifayətlənib.

Azərbaycan cüdoçuları bundan əvvəl isə yarışda 9 medal qazanmışdılar. Fərid Qəzənfərov (50 kq) Əhməd Yusifov (55 kq), İbrahim Əliyev (60 kq), Şəfəq Həmidova (44 kq) qızıl, Elçin Hüseynov (60 kq) gümüş, Rəşxan Baxşəliyev, Rəşad Yelkiyev (hər ikisi 50 kq), Yaqub Cavadov (60 kq) və Vüsalə Kərimova (40 kq) isə turnirin bürünc medallarına sahib olublar.

Bununla da Azərbaycan millisi 10 medal qazanaraq komanda hesabında Avropa Kuboku yarışını birinci pillədə başa vurub.

29 ölkədən 736 idmançının qatıldığı yarışda Azərbaycan millisi 26 idmançı (20 oğlan, 6 qız) ilə təmsil olunub