Parlamentdə kino müzakirələri

Ağ-qara filmlər rənglənəndə belə olur (Müqayisəli fotolar)

►“Kinonun inkişafına dair dövlət proqramının bəzi bəndlərini icra edə bilmirik”

“Azərbaycanda kino sənayesinin inkişafı üzrə qanunvericilik bazasının mükəmməl olmaması, dövrlə uyğunlaşmaması səbəbindən bu sahənin inkişafına dair dövlət proqramının bəzi bəndlərini icra edə bilmirik”.

Bunu Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev parlamentin mədəniyyət komitəsinin aprelin 12-də keçirilən toplantısında deyib.

Trend-in xəbərinə görə, sözügedən toplantıda “Kinomatoqrafiya haqqında” yeni qanun layihəsi müzakirə olunub.

“Kinomatoqrafiya haqqında” qanunun 2008-ci ildə qəbul edildiyini xatırladan nazir müavini deyib ki, ötən müddətdə dünyada kino sahəsi üzrə bir çox yeniliklər, texnologiyalar tətbiq edilib.

“Azərbaycanfilm” dünya standartlarına uyğunlaşdırılır

““Azərbaycanfilm” kinostudiyasının dünya standartlarına uyğunlaşdırılması istiqamətində işlərə başlanıb. Bu məqsədlə müvafiq layihə hazırlanıb. Layihənin hazırlanması işinə böyük əksəriyyəti fransalı mütəxəssislərdən ibarət qrup cəlb olunub. Kinostudiyanın da dünya standartlarına uyğunlaşdırılacağı gün uzaqda deyil” - deyə nazir müavini bildirib.

“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovsa bu sahədə qanunvericilikdə ciddi problemlərin olmasından danışıb:

Vergi necə ödənməli?

“Təsəvvür edin ki, gənc uşaqlar bir araya yığışıb hansısa film çəkir və öz vəsaitləri hesabına vergi verirlər. Onlar sıxışdırıldıqdan sonra, nəticədə özəl studiyaların, yaradıcı atmosferin və kino sahəsinin inkişafının qarşısı alınır. Təklif edərdim ki, filmin istehsalından yox, onun satışından, yayımından vergi ödənilsin”.

M.Hətəmov kino texnologiyasının ölkəyə gətirilməsindəki çətinliklərə də toxunub:

“Kino sənayesində bahalı avadanlıqlardan istifadə olunur. Lakin lizinqə gedib, banklarla danışdıqda həmin texnikanın üzərinə 36 faiz vergi ödənilməsi tələb edilir. Bizim 2 milyona çəkmək istədiyimiz kino vergi ilə birgə 3 milyona gəlib çıxır. Bunu da dövlətdən istəyə bilmərik, çünki kino çox gəlirli sahədir. Təkcə keçən il “Azərbaycanfilm” kinostudiyası ilə əməkdaşlıq etmək üçün dünyanın 8 aparıcı beynəlxalq kino şirkəti ölkəmizdə film çəkmək istəyib. Bu da təbii ki, Azərbaycana milyonlarla vəsaitin gəlməsi deməkdir. Lakin bizdə mövcud olan qanunun zəifliyi ölkəyə böyük vəsaitin gəlməsinin qarşısını alır ki, bu da kino turizminin inkişafına mane olur. Ona görə də, bu sahədə lazım olan işlərdə bizə müəyyən güzəştlər tətbiq olunmalıdır”.

Parlament komitəsinin sədri Rafael Hüseynov isə ötən müddətdə kino sahəsində texnologiyaların dəyişməsi, yeni yanaşmanın ortaya çıxması səbəbindən mövcud qanuna yenidən baxmaq ehtiyacının yarandığını deyib. Onun sözlərinə görə, yeni qanun layihəsi filmlərin istehsalı, yayımı, milli kinomatoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyəcək.

“Bu qanun layihəsi 20-40 il ərzində kinomatoqrafiya sahəsinin inkişafı üçün hüquqi baza rolunu oynamalıdır” - deyə komitə sədri bildirib.