Qaralov həmməruzəçi ilə görüşüb

Zakir Qaralov

-

“İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi prokurorluq orqanları qarşısında prioritet vəzifədir.”

Baş prokuror Zakir Qaralov aprelin 7-də Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə belə deyib. Bu haqda Baş Prokurorluğun mətbuat xidməti məlumat verir.

Baş prokuror ölkədə İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işləri barədə danışıb.

Prokurorluğun məlumatına görə, Ştefan Şennak Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığını təqdir edib, məhkəmə-hüquq sistemində aparılan islahatlardan məmnun olduğunu bildirib.

Görüşdə Dağlıq Qarabağ bölgəsindəki gərginlik xüsusi diqqət mərkəzində olub.

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennakın başçılıq etdiyi nümayəndə heyəti aprelin 6-dan Bakıdadırlar. Onlar həm prezident İlham Əliyev və həm də vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşüblər.