“Hərbi üstünlük Azərbaycan tərəfdədi”

Azad İsazadə

-

“Cəbhədə barışıq təkcə orduların təmas xəttini deyil, həm də münaqişənin özündə status-kvonu dəyişdirdi”.

Bu fikri hərbi ekspert Azad İsazadə Azadlıq Radiosuna bildirib.

A. İsazadə ordunun üstünlük əldə etməsini belə izah edir: “Əlimdə dəqiq məlumatlar yoxdur. Amma hərbi üstünlüyə nazil olmaq təkcə qoşunların nə qədər irəliləməsi ilə yox, vacib strateji yüksəkliklərin əldə olunması ilə ölçülür”.

O, ordunun Qarabağın şimalı və cənubunda bəzi yüksəkliklərdə möhkəmlənməsinin, geniş əraziləri nəzarət altında saxlamağa imkan verdiyini deyib

A. İsazadənin fikrincə, son hərbi əməliyyatlar Qarabağ münaqişəsində status-kvonu dəyişdirib: “Bütün bu illər ərzində erməni tərəf deyirdi ki, Azərbaycan cəbhədə mövcud situasiyanı dəyişmək gücündə deyil. Bu danışıqlarda güzəştlərə getməmək kimi üstünlük verirdi. Azərbaycan bu gün bu vəziyyəti dəyişdirdi. Göstərdi ki, müstəqil, heç tərəfə boylanmadan hərbi əməliyyatlar aparmağa və qələbə çalmağa qadirdir. Ermənilərin keçilməz müdafiə səddi olması haqda mif dağılıb. Son günlərin hadisələri göstərdi ki, Azərbaycan ordusu döyüş qabiliyyətlidir və hətta dağlıq ərazilərdə döyüş əməliyyatları apara bilər”.

A. İsazadəyə deyir ki, cəbhədəki son hadisələr həm də 20 ildən artıq nəticəsiz fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun nüfuzuna zərbə idi. Onun düşüncəsinə görə, yeni hərbi vəziyyət sülh prosesinin sürətləndirilməsi şanslarını artıracaq:

“Hərbi əməliyyatlar Azərbaycanın 20 il öncə ilə müqayisədə müdafiə qüdrətinin ciddi şəkildə artdığını göstərdi. Rusiyanın neytral qalacağı şərti ilə Azərbaycan öz torpaqlarını güc yolu ilə azad edə biləcəyini ortaya qoydu. Bu isə danışıqlar prosesini canlandırmağa şərait yaradacaq”.