Onkoloji xəstəliklərdə artım var

Xərçəng hüceyrəsi

-

“Azərbaycanda onkoloji xəstəliklərdə artım var”.

AZƏRTAC-ın xəbərinə görə bunu Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib.

Baş onkoloq ötən il Azərbaycanda 38 min 932 nəfər onkoloji xəstənin qeydiyyata götürüldüyünü deyib:

“Bu il təxminən 40 min xəstə qeydiyyatdadır. Amma qonşu ölkələrlə müqayisədə deməzdim ki, Azərbaycanda onkoloji xəstəliklər çox artıb”
Azad Kərimli bildirib ki, Azərbaycanda onkoloji xəstəliklərlə bağlı lazımi dərman ehtiyatı yaradılıb:

“Bəzən olur ki, kimyaterapiya müalicəsinin aparılmasında hansısa dərmanın Azərbaycana gəlib çatmasında bir necə gün gecikmələr olur. Lakin buna baxmayaraq, əvəzedici dərmanlarımız var ki, biz ondan istifadə edirik ”.

Bakıda onkoginekoloqların 1-ci forumu keçirilir. İki gün davam edəcək forumda xarici mütəxəssislərin iştirakı ilə uşaqlıq boynu patologiyalarının müalicəsində yeni texnologiyalara dair müzakirələr aparılacaq.

Ancaq bəzi həkim mütəxəssislər Azərbaycanda onkoloji xəstəliklərə qarşı müalicənin o qədər də effektiv olmadığını düşünürlər. Mətbuat yazır ki, belə xəstəliyə tutulan sadə vətəndaşların çoxu müalicə üçün ya İrana, ya da Türkiyəyə üz tuturlar.