Türkiyənin Diyarbəkr şəhərində törədilən partlayışda azı 4 polis ölüb, 14-ü isə yaralanıb.
Bu barədə martın 31-də yerli rəsmilər xəbər verib.
Qeyd edək ki, Diyarbəkrdə əsasən kürdlər yaşayır.
“Doğan” informasiya agentliyinin məlumatına görə polis maşınının yanında minalanmış avtomobil partladılıb.
Ötən həftə Diyarbəkr yaxınlığında 3 polis əməkdaşının ölümü, 24-nünsə yaralanması ilə nəticələnən partlayışa görə cavabdehliyi PKK yaraqlıları öz üzərlərinə götürüb.
Rəsmi Ankaranın məlumatına görə, 2015-ci ildən bu yana baş verən zorakılıqlarda 300-ə yaxın polis əməkdaşı həlak olub.
Ümumilikdə isə 1984-cü ildən bu yana PKK yaraqlıları ilə Türkiyə ordusu arasında baş verən toqquşmalarda 40 mindən çox adam ölüb.