Ukrayna prezidenti Petro Poroshenko Qərbi Rusiyaya qarşı sanksiyaları saxlamağa çağırıb.
O martın 30-da Vaşinqtonda keçirilən seminarda çıxış edərkən deyib ki, Ukraynanın şərqində sülh və Kiyevin Krım üzərində suverenliyi bərpa olunmayınca sanksiyalar qüvvədə qalmalıdır.
Poroshenko qeyd edib ki, 2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna hərbçiləri arasında gedən döyüşlərdə 10 minə yaxın adam ölüb və bunun 2700-dən çoxu Ukrayna hərbçiləridir.
Prezident bundan başqa ölkənin şərqindəki Donetsk və Luqansk regionlarından 1 milyon 800 min adamın məcburi köçkün düşdüyünü bildirib.
O həmçinin beynəlxalq aləmin Ukraynaya hərbi yardım göstərmək istəməməsindən təəccüb bildirib.
Poroshenko Vaşinqtona beynəlxalq nüvə sammitində iştirak etmək üçün gedib.
Martın 31-də başlayan sammit, aprelin 1-də yekunlaşacaq.