Dünya Bankı yola 140 milyon dollar ayırdı

Arxiv fotosu

-

Dünya Bankı Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi məqsədi ilə Azərbaycana 140 milyon dollar həcmində maliyyə vəsaiti ayırıb. Xəbəri Dünya Bankının mətbuat xidməti yayıb.

Azərbaycan hökuməti Bakı-Şamaxı avtomobil yolunun dörd zolağadək genişləndirilməsi üçün bankdan əlavə maliyyə vəsaiti almaq üçün müraciət etmişdi.

Mətbuat xidmətinin məlumatındа həmçinin bildirilir ki, Dünya Bankı eyni zamanda Belarusa büdcə vəsaitlərinin idarəetməsi sisteminin təkmilləşdirilməsi üçün 10 milyon ABŞ dolları ayırıb.

Hazırda Bakı-Şamaxı yolunda sürüşmə baş verir. Bu yol, 2009-cu ilin sonunda yenidən istifadəyə verilib. Onun yenidən inşasına 2008-ci ildə başlanmışdı. Layihənin podratçısı İtaliyanın “Todini” şirkəti olub. Magistralın 9-77-ci km-ləri əhatə edən birinci hissəsində işləri “Akkord”, 78-123-cü km-ləri əhatə edən ikinci hissəsində isə “Azərtikintiservis” şirkəti görüb.

Rəsmi qurumlar bu yolun inşasına həmin vaxt, ilkin olaraq, 78 milyon manat vəsait ayrıldığını bildirirdilər. Həmin vəsaitin 80 faizi Dünya Bankının, 20 faizi isə Azərbaycan hökumətinin payına düşürdü.

Azad İqtisadiyyata Yardım ictimai birliyinin araşdırmasında isə o yola, bütünlükdə, 200 milyon manat vəsait xərcləndiyi iddia olunurdu.