Qaxda dindarlar həbs edilib?

Qax rayonu

►Daxili İşlər Nazirliyi xəbəri nə təkzib, nə də inkar edib

Qax rayonunda ibadətlə maşğul olan bəzi şəxslərin saxlandığı bildirilir. Bu barədə Turan-a yerli məlumatlı mənbə danışıb.

Öz növbəsində DİN-in mətbuat xidmətindən Turan-ın müxbirinə bildiriblər ki, söhbət martın 23-də baş vermiş hadisədən gedir. Həmin vaxt Qaxda yaşayan Givi Xusişvili adlı bir şəxsin 56 nəfərin iştirakı ilə (Qax, Zaqatala, Bakı sakinləri) qanunsuz dini mərasim keçirdiyi iddia edilir.

Axtarış zamanı onun mənzilində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən dini ədəbiyyat, DVD disklər, videokasetlər aşkar edildiyi bildirilir.

Xusişvilinin hansı ölkənin vətəndaşı olduğu açıqlanmır.

DİN ona və digər tədbir iştirakçılarına qarşı hansı tədbirlərin görüldüyü barədə bilgi verməyib.

Sözügedən zonada azərbaycanlılarla yanaşı, etnik gürcülər -ingiloylar yaşayır. Onların bir hissəsi islam, digər qismi pravoslav dininə etiqad edir.

Günün birinci hissəsində isə APA İnformasiya Agentliyi Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən Qax rayonunda əməliyyat keçirildiyini xəbər vermişdi. Məlumatda Givi Xusişvili adlı şəxsin evində axtarış aparıldığı bildirilsə də saxlananlar barədə heç nə deyilmirdi.

DİN bildirirdi ki, həmin şəxsin evində məhkəmə qərarına əsasən axtarış aparılıb.