Əli Kərimlinin mühafizəçisinə 20 min manatlıq iddia

Bəhruz Həsənov

-

Dövlət Sərhəd Xidməti AXCP-nin Suraxanı rayon şöbəsinin sədri Bəhruz Həsənovdan 20 min manat pul tələb edir. Dövlət orqanı bu barədə iddia ərizəsi ilə Saatlı rayon Məhkəməsinə (cavabdehin qeydiyyatda olduğu ərazi üzrə-red.) müraciət edib. İddiaya səbəb isə fevralın 28-də Bəhruz Həsənovun Facebook səhifəsində yazılan statusu olub.

Dövlət Sərhəd Xidməti hesab edir ki, sosial şəbəkədə yayılmış həmin statusla («Dostlar, Siyəzən rayonu ərazisində Sərhəd Qoşunlarının əsgərlərinə məxsus, satışı qadağan olunmuş məhsulları kim satdırır?») bu qurumun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurulub. Məhkəmə iddiasında Bəhruz Həsənovdan sözügedən status və oradakı şərhlərə görə Facebook səhifəsində təkzib vermək, üzr istəmək və 20 min manat təzminat tələb olunur.

Eyni zamanda, AXCP sədri Əli Kərimlinin mühafizəçisi olan Bəhruz Həsənov AzadlıqRadiosuna bu iddianı siyasi sifariş hesab etdiyini bildirib: «Düşünürəm ki, bu, illərdir AXCP-yə qarşı aparılan sistemli təzyiqlərin tərkib hissəsidir. Məqsəd də məni ölkənin demokratikləşməsi, xalqın azadlığı uğrunda AXCP sıralarında apardığım mübarizədən təcrid etməkdir. Amma bu cür təzyiqlər məni haqq bildiyim yoldan çəkindirə bilməz».