TAP iqtisadi artımı stimullaşdıracaq

-

“Trans-Adriatik boru xətti (TAP) layihəsi üzrə razılaşma Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində mühüm addımdır”.

Bunu Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç deyib.

Report-un xəbərinə görə, M.Şefçoviç TAP-ın tikintisinin rəqabət qabiliyyətinin artmasına və iş yerlərinin yaradılmasına təkan verəcəyini deyib.

“TAP-ın tikintisinə bu ilin üçüncü rübündə başlanılacaq və o, 2020-ci ildə istifadəyə veriləcək. Məhz o zaman Xəzər dənizindən çıxan qaz Avropaya çatacaq” deyən vitse-prezident layihəyə beş il ərzində 5,6 milyard avro sərmayə qoyulacağını bildirib. Onun deməsinə görə, bunun 2,3 milyard avrosu bilavasitə layihənin Yunanıstanda həyata keçirilməsinə xərclənəcək.

“Boru xəttinin tikintisi yalnız enerji təhlükəsizliyini təmin etməyəcək, o, həm də iqtisadi artımı stimullaşdıracaq” - M.Şefçoviç bildirib.

Trans-Adriatik Boru xəttinin (TAP) təməlqoyma mərasimi mayda Yunanıstanın Saloniki şəhərində keçiriləcək. TAP Azərbaycan qazını Avropaya çatdıracaq. TAP-ın əsas səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz) və Fluxys (19 faiz) şirkətləridir.