Trump Ohayoda uduzub

Donald Trump

Respublikaçılardan ABŞ prezidentliyinə namizəd Donald Trump ilkin seçkilərdə rəqiblərini oyundan kənarda qoymaqda davam edir.

Martın 15-də 5 ştatdan 3-də yenə Trump qalib gəlib.Bunlar İllinois, Şimali Karolina və Florida ştatlarıdır.Hətta o Florida ştatında yerli namizəd Marko Rubionu da dəf edib.

Rubio məğlubiyyətdən sonra seçkiqabağı kampaniyanı dayandırıb.

Amma Trump əsas ştat hesab olunan və milli konvensiyada 99 nümayəndəsi olan Ohayoda qalib gələ bilməyib. Bu ştatda yerli qubernator Con Keysik (John Kasich) qalib gəlib. Missuri ştatında isə Trump texaslı senator Ted Cruzla eyni səs yığıb.

Respublikaçılar iyulda vahid namizəd seçməlidir. Şərhçilər hesab edir ki, partiyanın qurultayında hələ çox mübahisələr olacaq.

Amma demokratlar martın 15-də keçirilən praymeriz seçkilərində daha yekdil olublar. 5 ştatın hamısında Hillary Clinton liderlik edir.

Amma o Missuri ştatında əsas rəqibi Berne Sandersə cəmi 1 faiz səs çoxluğu ilə qalib gəlib.

Bundan əvvəl bir sıra cənub ştatlarında da qalib gələrək mövqeini möhkəmləndirən keçmiş Dövlət katibi indi demokratlardan prezidentliyə demək olar ki, vahid namizəd hesab olunur.

ABŞ-da növbəti prezident seçkisi bu ilin noyabrında keçiriləcək.