Tbilisidə rektorun otağı zəbt edildi

Foto arxiv

Tbilisi Dövlət Universitetinin tələbələri martın 15-də rektorun otağını zəbt edərək onun istefasını tələb ediblər.

Azadlıq radiosunun müxbiri Georgi Kobaladzenin Tbilisidən verdiyi məlumata görə, onlarla tələbə universitetin mühavizəçiləri ilə toqquşmadan sonra rektorun kabinetinə soxulublar.

Tələbələr bildiriblər ki, rektor Vladimer Papava istefa verməyincə otağı tərk etməyəcəklər.

Qeyd edək ki, tələbələr universitetin əməkdaşı Georgi Gaprindashvilinin kanslerliyə namizədliyinə etiraz olaraq bir neçə gündür ki, etiraz aksiyası keçirirlər.

Tələbələr onun xüsusi xidmət orqanlarının gizli agenti olduğunu iddia edirlər.

Martın 15-nə keçən gecə Tbilisi Dövlət Universitetinin həyətində rektorun əlehdarları və tərəfdarları arasında kütləvi dava olub.

Gaprindashvili namizədliyini geri götürsə də rektor istefa vermək fikrində deyil.