Sərhəddə öldürülənlərdən 2-si azərbaycanlıdır

-

Martın 13-də gecə Azərbaycan-İran sərhədində öldürülən sərhəd pozanların 3-ü Banqladeş vətəndaşı, 2-si isə Yardımlı rayon sakinidir. Xəbəri “APA” informasiya agentliyi yayıb.

Xəbərə görə, meyitlər Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib. Meyitlər müayinə olunduqdan sonra aidiyyəti üzrə təhvil veriləcək. Ölənlərin adları açıqlanmır.

Martın 13-də Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəddə atışma olmuşdu. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi bilgi yaymışdı.

Xəbərdə bildirilir ki, saat 04:10 radələrində işarəverici qurğunun işə düşməsi nəticəsində 8-10 nəfərdən ibarət bir qrupun sərhədi pozub Azərbaycandan İran tərəfə keçmək istədikləri bəlli olub.

“Qaranlıq və sıx duman şəraitində təqib olunanlar sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayıb, silahlı müqavimət göstəriblər”.

Mətbuat mərkəzi bildirirdi ki, nəticədə sərhəd pozucularından 5 nəfər yaralanıb, 2 nəfər isə saxlanıb. Hadisə yerinə hərbi həkimlər qrupu çağırılsa da, yaralanan sərhəd pozucularının həyatını xilas etmək mümkün olmayıb:

“Hadisə yerinə baxış zamanı atılmış ov tüfəngi patronları, 1 ədəd “Browning” markalı tapança aşkar edilib”-deyə mərkəz bildirirdi.

Faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq əməliyyat-axtarış və istintaq tədbirlərini davam etdirir.