Bakıda Ukrayna və Suriya müzakirəsi

Viktor Yushchenko

-

“Ukraynanın şərqində baş verənlərlə bağlı Rusiya bəyan edir ki, bu, ukraynalılar arasında baş verən münaqişədir. Lakin bu mövqe cəfəngiyyatdır”.

Bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Ukrayna regional təhlükəsizliyin dönüş nöqtəsi kimi” mövzusunda paneldə deyib.

APA-nın xəbərinə görə, sabiq prezident qeyd edib ki, insanların beynində “niyə Ukraynanın ilhaq olunmuş ərazisində Rusiya ordusu var” fikri yer alıb:

"Bu, böyük ordudur. Bir çox Avropa ölkələrinin ordusundan böyükdür. 12 minə yaxın peşəkar Rusiya ordusu, yarım hərbi qruplar Ukraynada müharibə aparır. Ola bilər Ukraynada baş verənlər o miqyasda deyil ki, Avropada sülhə təsir göstərsin. Avropada insanlar bunu hiss etmir. Bunun ölçüsünü müəyyən etmək üçün Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Denstryanında olan münaqişələrə baxmaq lazımdır. Bunlar milli münaqişələrdir. Bu münaqişələrin hamısı Rusiyanın məsələsidir" - deyə sabiq prezident vurğulayıb.

V. Yuşşenko deyib ki, bütün münaqişələr əvvəl yaradılır, sonra isə dondurulur. “Dağlıq Qarabağ və ya Dnestryanı münaqişələr illərdir uzanır. Bizim və sizin azadlıqlarınız bir-biri ilə bağlıdır. Bütün bu problemləri həll etmək üçün birləşmək lazımdır”.

Beynəlxalq və Regional Tədqiqatlar İnstitutunun rəhbəri Fransis Odonnel isə deyib ki, dünya Ukraynanın bir hissəsinin başqa ölkəyə birləşdirilməsinin şahidi oldu:

“Böyük ölkələrin kiçik ölkələrə təsir mexanizmini görürük. Ukraynada vəziyyət faciəlidir, 10 minə yaxın insan həlak olub, iqtisadiyyat pis vəziyyətdədir. Rusiyada da vəziyyət pisdir. Biz burada beynəlxalq cəmiyyətin rolu nə ola bilər- deyə düşünəndə BMT Təhlükəsizlik Şurası, ATƏT yada düşür. Bu təşkilatların problemin həllində böyük rolu ola bilər” - deyə Fransis Odonnels bildirib.

IV Qlobal Bakı Forumu çərçivəsində həmçinin “Suriya naminə qlobal məsuliyyət: fəaliyyət planına doğru” mövzusunda panel müzakirələri keçirilib. Həmin müzakirələrdə Suriyada baş verənlər dünyanın ən qəddar müharibəsi kimi qiymətləndirilib.

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin çıxışında deyib ki, hazırda dünya ölkələri heç bir münaqişəni həll edə bilməyəcək durumdadırlar. O, Qarabağ münaqişəsini də buna misal çəkib. H. Çətin qeyd edib ki, Suriya problemi həll edilməsə, bu, dünyada 3 qlobal prosesə səbəb ola bilər: “Birincisi, qlobal terrorizm, ikincisi isə qaçqınlar problemidir. Regionda sünni islam məzhəbinin şiələrə qarşı çıxış etməsi təhlükəsi də var. Biz süni-şiə müharibəsi istəmirik. Dünya sülh proseslərinə öz töhfəsini verməlidir”.
H. Çətin B. Əsədə qarşı mübarizəni gücləndirməyə çağırıb və problemin onun hakimiyyətdən getməsi ilə həll olunacağını söyləyib.