Gürcü ordusunda məscid açılıb

Tina Khidasheli (soldan ikinci) ordunun təlim mərkəzində (arxiv fotosu)

-

Gürcüstanın Müdafiə naziri Tina Khidasheli ölkə ordusunda xidmət keçən müsəlmanlar üçün ilk məscidi açıb. Khidasheli martın 6-da Kutaisidə hərbi hissədə açılış mərasimində deyib ki, Gürcüstanda din azadlığı Konstitusiya ilə təmin olunur. Onun sözlərinə görə, orduda daha iki ibadət evinin yaxınlarda açılacağı gözlənilir.

Müsəlmanlar Gürcüstan əhalisinin 10 faizini təşkil edir. Ancaq çoxları onlara əngəllərdən, məscid, yaxud islam məktəbi açmaq cəhdlərinə hətta düşmən münasibətdən danışır.

2014-cü ildə Acarıstan regionunda Kobuleti şəhərində islam məktəbinin açılması planlaşdırılan binanın qapısına donuz başı asılıb. Yerli müsəlmanlar bunu “murdarlama aktı” adlandırıb.