Vəkili İlqar Məmmədovla görüşə bilmir

İlqar Məmmədov

-

İlqar Məmmədov martın 6-da zəng edərək vəkilin onun yanına gəlməsini xahiş edib.

Martın 7-də vəkil Fuad Ağayev 2 saylı cəzaçəkmə müəssisəsinə gedib. Ancaq onu müdafiə etdiyi ReAl hərəkatının lideri İlqar Məmmədovun yanına buraxmayıblar.

Vəkil Turan-a deyib ki, onun İ.Məmmədova baş çəkmək üçün zaman və say məhdudiyyəti yoxdur.

“Hələ 2014-cü ildə o, cəzaçəkmə müəssisəsinə Penitensiar Xidmətdən Məmmədova baş çəkməyə icazə verən məktub təqdim etmişəm. Baxmayaraq ki, qanunla belə bir məktuba da ehtiyac yoxdur”.

Vəkili müntəzəm olaraq 2 saylı cəzaçəkmə müəssisəsində İ,Məmmədova baş çəkirdi, ona heç bir maneə yaradılmırdı.

Martın 7-də F.Ağayevdən 2016-cı il üçün yeni məktub təqdim etməsini istəyiblər.

F.Ağayev bu tələblərin əsassız olduğunu, Penitensiar Xidmətin rəhbərliyinə şikayət edəcəyini deyib.

İlqar Məmmədovun yanına buraxılmadığı üçün vəkil onun taleyindən nigarandır.

ReAl hərəkatındansa bildiriblər ki, İlqar Məmmədov sonuncu dəfə martın 6-da cəzaçəkmə müəssisəsindən zəng edərək vəkilin onun yanına gəlməsini xahiş edibmiş.

İlqar Məmmədov 2013-cü il yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkili ittihamı ilə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun Konvensiyanın 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılması hüdudları) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu etiraf edib.

AŞ Nazirlər Komitəsi bir neçə dəfə Azərbaycan hökumətini İlqar Məmmədovla bağlı Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.