Tale Bağırzadə “karsa” salınıb

Tale Bağırzadə

-

“Müsəlman Birliyi Hərəkatı” təşkilatının sədri, həbsdə olan ilahiyyatçı Tale Bağırzadə Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında cərimə kamerasına (“kars”) salınıb. Bu barədə ilahiyyatçının vəkili Cavad Cavadov məlumat yayıb.

Vəkil bildirib ki, martın 2-də təcridxanada Tale Bağırzadə ilə görüşüb, onun cəzalandırıldığını da bu zaman öyrənib. Məlum olub ki, ilahiyyatçı martın 1-də “kars”a salınıb və ona verilən cəzanın müddəti 7 gündür.

Cavad Cavadov hüquqlarını müdafiə etdiyi şəxsin hansı səbəbdən cəzalandırıldığını açıqlamasa da, qeyd edib ki, Tale Bağırzadə baş verənləri ona qarşı təzyiqlərin davamı kimi qiymətləndirir.

Müdafiəçi əlavə edib ki, Tale Bağırzadənin əsassız cəzalandırılması ilə əlaqədar hüquqi müstəvidə müəyyən addımlar atacaq.

Hələlik bu açıqlamaya Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.

Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. Onun barəsində ilkin istintaq dövrü üçün dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ona qarşı CM-nin 15-dən artıq maddəsilə ittiham irəli sürülüb.

Baş Prokurorluğun məlumatına görə, Tale Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 68 nəfər həbs olunub.

“Müsəlman Birliyi Hərəkatı” dövlət qeydiyyatına alınmayıb.