Nardaranda öldürülənlərin qəbirləri tapılıb

Nardaran, 3 dekabr, 2015-ci il

-

Keçən il dekabrın 1-dən Nardaran qəsəbəsində qurulan polis postlarının əksəriyyəti götürülüb. Müsavat.com-un yazdığına görə, yalnız 3 yerdə blok-post qalır.

Kəndə sərbəst giriş-çıxış mümkündür. Kənddə yolların genişləndirilməsi, kommunikasiya xətlərinin yenilənməsi işləri davam etdirilir. Təmir işləri ilə bağlı Abşeron küçəsi hazırda bağlıdır.

Kəndin “İmam Hüseyn meydanı” adlı mərkəzi hissəsində təmir-tikinti işləri başa çatıb. Qəsəbənin digər küçələrində də genişləndirilmə nəzərdə tutulub və artıq plan hazırlanıb. Müxtəlif yerlərdə 44 nəzarət kamerası quraşdırılıb.

2015-ci il noyabrın 26-da Nardarandakı xüsusi əməliyyat zamanı öldürülən mülki şəxslərin dəfn olunduğu məzarlıq da müəyyən edilib. Kənd sakinləri arasında bu məzarlıq “Köhnə Nardaran qəbiristanlığı” adlanır. Son 20 ildə bu məzarlıqda kənd sakinlərindən heç kim dəfn edilməyib. Yalnız Nardaran hadisələrində öldürülənlərdən 4 nəfər burada dəfn olunub. Köhnə qəbiristanlıqda 4 məzardan başqa bir neçə qədim başdaşı görmək mümkündür.

2015-ci il noyabrın 26-da güc strukturları Nardaranda xüsusi əməliyyat keçirdi. Əməliyyat zamanı 2-si polis, 5-i mülki şəxs olmaqla 7 nəfər həlak olub. Müsəlman Hərəkatı Birliyinin rəhbəri Taleh Bağırzadə və onlarla digər şəxs həbs edilib. Prokurorluğun məlumatına görə, hazırda hərəkatla bağlılığı olan 68 nəfər həbsdədir.

O vaxtdan bu hadisələr zamanı ölən mülki şəxslərin qəbirlərinin harada olduğu bilinmirdi. Onlar qəsəbə əhalisinin iştirakı olmadan, xəlvəti dəfn olunmuşdular.