Vəkil Elton Quliyev haqda kitab yazılır

Sevda Sultanova

-

Kinoşünas Sevda Sultanova mərhum vəkil Elton Quliyev haqda kitab yazır. O, AzadlıqRadiosuna deyib ki, hazırda kitab üçün materiallar (faktlar, xatirələr və s.) toplamaqdadır.

“Neçə vaxtdir, az qala gecə-gündüz bu kitabı düşünürəm. İstəyirəm, Elton bəyə layiq kitab olsun” - S.Sultanova deyib.

Vəkil Elton Quliyev AzadlıqRadiosunun araşdırmaçı-jurnalisti Xədicə İsmayılın həbsi zamanı onu ilk müdafiə edənlərdən olub. Daha sonra səhhətinə görə bu işdən uzaqlaşıb. O, 1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi.

Elton Quliyev 1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb.1991-ci ildə öz istəyi ilə daxili işlər orqanlarından çıxıb. 59 yaşında xərçəng xəstəliyindən vəfat edib.