İran fələstinli ailələrinə pul verəcək

Fələstinlilər etiraz edir, yanvar, 2016-cı il

-

İran bildirir ki, etirazlar zamanı, yaxud küçələrdə israillilərə hücumlarda həlak olmuş fələstinlilərin ailələrinə pul verəcək.

İranın Livandakı səfiri Mohammad Fathali fevralın 24-də jurnalistlərə deyib ki, “Qüdsdə hər bir şəhidin” ailəsinə 7 min dollar veriləcək. Onun sözlərinə görə, küçə etirazında iştiraka görə evini İsrail qüvvələri dağıtmış hər bir ailəyə isə 30 min dollar veriləcək və aylıq təqaüd kəsiləcək.

Oktyabrdan bəri fələstinlilərin hücumlarında 28 israilli və bir ABŞ vətəndaşı həlak olub. İsrailin İordan çayının qərb sahilini tutmasına etirazlarda isə azı 168 fələstinli öldürülüb. İsrail rəsmiləri həmin fələstinlilərdən 111 nəfərinin İsrail vətəndaşlarına və əsgərlərinə hücumlar zamanı həlak olduğunu bildirir.

İsrailin Xarici İşlər Nazirliyi İranın bəyanatının bir daha “terroru həvəsləndirdiyini” bildirib.