“Azəriqaz”ın əməkdaşı döyülüb

Arxiv fotosu

-

Bakıda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı ilə abonentlər arasında insident baş verib. APA-nın xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Qaz istismarı sahəsinin əməkdaşı Ramil Məmmədov tənzimləyicini təmir edərkən abonentlərdən biri ona yaxınlaşıb və təzyiqin artırılmasını tələb edib. “Azəriqaz” əməkdaşı ilə abonent arasında mübahisə yaranıb.

Xəbərdə abonentin idarə əməkdaşını qaz açarı ilə vurduğu bildirilir. Səs-küyə daha bir neçə abonentin hadisə yerinə toplaşdığı qeyd edilir. İddialara görə, onlar da qaz idarəsinin işçisini döyməyə başlayıblar.

R.Məmmədovun iki iş yoldaşı hadisə yerindən qaça bilsə də, özü abonentlərin əlindən xilas ola bilməyib. O, çoxsaylı xəsarətlər alıb və hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma başlanılıb, R. Məmmədovun ifadəsi alınıb. Onu döyənlər axtarılır. R.Məmmədov hadisədə iştirak edən abonentləri tanımadığını bildirib.

Ancaq bu iddialara və bütünlükdə məsələyə sakinlərin münasibəti açıqlanmayıb.