Rəsmi Bakı Türkiyə -Rusiya dialoqu barədə

Rusiya Xarici işlər naziri Sergei Lavrov (sağda) və Elmar Mammadyarov, arxiv fotosu

-

Həm Türkiyə, həm də Rusiya ilə münasibətlər bütün sahələr üzrə dinamik inkişaf edir. Azərbaycan hər iki ölkə ilə münasibətlərin dərinləşməsinə xüsusi əhəmiyyət verir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "The Business Year" jurnalına müsahibəsində belə deyib. APA informasiya agentliyi müsahibənin bəzi hissələrinin tərcüməsini yayıb.

E. Məmmədyarov deyib ki, Azərbaycanın strateji müttəfiq kimi Türkiyə, strateji tərəfdaş kimi də Rusiya ilə münasibətlərinin tarixi kökləri var. İmzalanan sənədlərin həcmi və müntəzəm qarşılıqlı səfərlər güclü münasibətlərin daha bir sübutudur.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri təəssüflə qeyd edir ki, döyüş təyyarəsi ilə bağlı insident iki ölkə arasında münasibətlərə mənfi təsir etdi:

“Rusiya və Türkiyə arasında münasibətlərin hazırkı durumu heç bir halda Azərbaycan üçün arzu olunan deyil. Deməyə ehtiyac yoxdur ki, həm Türkiyə, həm də Rusiya Cənubi Qafqaz və onun hüdudları xaricində təhlükəsizliyin təmin edilməsində vacib rol oynayır”

Nazir qeyd edib ki, Azərbaycan bütün mümkün vasitələrlə hər iki ölkə ilə münasibətlərin möhkəmləndirilməsində maraqlıdır:

“Ümid edirik ki, birgə səylərin nəticəsi olaraq Türkiyə və Rusiya arasında münasibətlər dialoq və qarşılıq anlayış yolu ilə normallaşacaq”.

Yada salaq ki, 2003-2015-ci illərdə Rusiya-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edirdi. Amma 2015-ci il noyabrın 24-də Türkiyənin Rusiya hərbi təyyarəsini hava məkanını pozduğuna görə vurmasından sonra bu münasibətlər gərginləşdi.