Gürcüstandan heyvan idxalına qadağa

-

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Gürcüstandan Azərbaycana diri heyvanların gətirilməsinə qadağa qoyub.

Nazirliyin fevralın 12-də yaydığı məlumata görə, bununla bağlı qərar bir gün əvvəl qəbul edilib. Qərar başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunmaq məqsədi daşıyır.

Qərara əsasən, Gürcüstanın Varketili ərazisindən və riskin olduğu digər yerlərdən heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyulur.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Gürcüstanın Tbilisi şəhəri yaxınlığında yerləşən Varketili ərazisində xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyinin qeydə alındığı haqda məlumat yaymışdı.