Ünvanlı sosial yardım qaydası dəyişir

-

Azərbaycanda ünvanlı yardımlar yeni qaydada veriləcək.

Nazirlər Kabineti “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”ını təsdiq edib. Yeni qaydaların təsdiqlənməsi ilə bu sahəni tənzimləyən əvvəlki normativ aktlar ləğv olunub. Xəbəri Trend yayıb..

Yeni qaydalara görə, Azərbaycanda yaşayan və müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım ala bilər. Sosial yardımın məbləği ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərqlə ölçülür.

Ailəni təmsil edən yetkinlik yaşına çatan, əmək qabiliyyətli şəxs və ya vəkil edilən şəxs sosial yardımın alınması üçün müraciət edə bilər. Ailəni təmsil edən şəxs müraciəti elektron formada və ya kağız üzərində edə bilər.

Sosial yardımın alınması üçün müraciətlər 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.