Neft Fondu tənqidləri qəbul etmir

Neft Fondunun rəhbəri Şahmar Mövsümov

-

Dövlət Neft Fondu (DNF) bu qurumun investisiya fəaliyyəti ilə bağlı tənqidi məzmunlu ekspert rəylərini şərh edib. Söhbət xüsusilə daşınmaz əmlak yatırımından gedir.

Fondun fevralın 10-da yayılan açıqlamasında onların investisiya siyasətini doğru saymayan rəyləri “reallığı əks etdirməyən, heç bir nəzəri əsaslara və düzgün faktlara söykənməyən silsilə yazılar” kimi dəyərləndirilib.

Açıqlamada DNF-nin investisiya siyasətinin effektli olduğu, beynəlxalq bazarın bütün aspektlərini nəzərə alınmaqla həyata keçirildiyi ifadə olunur: “DNF Avropa regionunda London, Paris, Milan, Moskva, Asiyada isə Tokio, Seul şəhərlərinin mərkəzi-biznes ərazilərində və dünya daşınmaz əmlak bazarının 70 faizdən çoxunu təşkil edən kommersiya tipli aktivlərə yatırımlar həyata keçirib. Bu yatırımlar seçilərkən onların uzunmüddətli icarə müqaviləsinə, icarəçilərin yüksək dayanıqlı maliyyə vəziyyətinə, aktivlərin yüksək səviyyədə maddi-texniki təchizata malik olması kimi meyarlar ciddi nəzərə alınıb. Çoxlu sayda investisiya təkliflərinə baxılıb”.

Fond əldə etdiyi daşınmaz əmlakların idarə edilməsindən milyonlarla gəlir əldə edildiyini bildirir. Açıqlamada nümunə üçün qeyd olunur ki, 2012-ci ildə Londonun Seynt Ceyms 78 ünvanında yerləşən daşınmaz əmlak aktivini 177 350 000 funt sterlinqə əldə edib. Həmin əmlakın icarəsindən 2015-ci ilin sonuna qədər ümumilikdə təqribən 27 milyon funt sterlinq gəlir götürüb. Həmin əmlakın hazırkı bazar dəyəri 213 000 000 funt sterlinq məbləğində qiymətləndirilir

DNF qeyd edir ki, investisiya fəaliyyəti, o cümlədən ayrı-ayrı daşınmaz əmlak yatırımları ilə bağlı bütün müvafiq məlumatı ictimaiyyət ilə bölüşməyə, sual və müraciətləri cavablandırmağa hazırdır.

Qeyd edək ki, DNF-nin investisiya siyasəti, xüsusilə də Avropada daşınmaz əmlak alqısına iri məbləğdə vəsait qoyması vaxtaşırı müstəqil iqtisadçı ekspertlərin tənqidi rəyləri ilə qarşılanır.