Tayvanda binaya görə 3 nəfər saxlanıb

Daha bir meyit çıxarılır, 8 fevral, 2016-cı il

-

Tayvanda yaşayış binasının çökməsinə görə tikinti şirkətləri rəsmiləri saxlanıb. 3 nəfər peşə səhlənkarlığında ittiham olunur.

17 mərtəbəli bina fevralın 6-da baş vermiş zəlzələ zamanı çöküb, onlarla sakin həlak olub.

Fevralın 10-da verilən məlumata görə, saxlananlardan ikisi binanın memarlarıdır. İttihamlardan birində deyilir ki, binanın dayaq sütunlarında tələb olunan bərkidici-birləşdirici detalların yalnız yarısı istifadə olunub.

6.4 bal gücündə zəlzələdən 44 nəfər həlak olub. 100-dək insan binanın dağıntıları altında qalıb.

Tayvanda binalar sərt tikinti qaydaları ilə tikildiyindən bu zəlzələdən çox az bina ziyan görüb. 1989-cu ildə tikilmiş bina çökən tək tikili olub.