Bloqçuyla görüşə icazə verilmədi

İllüstrasiya

-

“Bu gün bütün səylərimə baxmayaraq Binəqədi müvəqqəti saxlama təcridxanasında Xalid Xanlaovla görüşümə imkan vernədilər.”

X.Xanlarovun vəkili Şəhla Hümbətova bunu Azadlıq Radiosuna bildirib.

Vəkil yanvarın 23-də saxlanılan bloqçu Xalid Xanlarovla yalnız fevralın 1-də görüşə bilib. Vəkil X.Xanlarov barəsində inzibati cəza qərarının ləğv edilməsi üçün Apellyasiya şikayəti hazırlayıb.

O, müdafiə etdiyi şəxslə görüşə bilmək üçün fevralın 2-də iki saata yaxın gözləsə də, təcridxana rəhbərliyi buna icazə verməyib:

“Tələb etdim ki, mən müdafiə etdiyim şəxslə görüşməliyəm, vəziyyətinin necə olmağını bilməliyəm”-deyə vəkil görüşə israr etdiyini deyib. Onun sözlərinə görə, gah təcridxanada “dezinfiksiya” işləri getməsi, gah da başqa səbəblə bu görüşə imkan verilməyib.

Vəkil deyir ki, görüşdə X.Xanlaovla Apellyasiya şikayəti məsələsini müzakirə edəcəkdilər: “Təcridxanaya buraxılmadığım üçün şikayəti elə bü gün Bakı Apellyasya məhkəməsinə təqdim etidm”-deyə vəkil bildirib.

X.Xanlarov yanvarın 23-də saxlanılıb, ona qarşı polisə tabe olmamaq itithamı irəli sürülüb, Binəqədi rayon məhkəməsi X.Xanlarov barəsində 25 sutka inzibati həbs qərarı verib. Vəkil Ş.Hümbətova Binəqədi rayon məhkəməsinin inzibati həbs qərarının ləğvi üçün Bakı Apellyasiya məhkəməsinə şikayət verib.

Yada salaq ki, X.Xanlarov Facebook fəalıdır, bloqçu kimi fəaliyyət göstərir, Qafqaz Universitetinin 3-cü kurs tələbəsidir.

Hazırda ölkədə 12-yə yaxın jurnalist və bloqçu həbsdədir.

Ancaq vəkilin bu dediklərinə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsindən hələ ki, münasibət almaq mümkün olmayıb.