«Əli və Nino»nun ABŞ-da premyerası olub

«Əli və Nino»

-

Çəkilişlərinə ötən ilin əvvəllərindən başlanan «Əli və Nino» filminin ilk nümayişi olub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, filmin nümayişi ABŞ-ın «Sundance» beynəlxalq film festivalı çərçivəsində «Premyera» kateqoriyasında keçirilib.

«Əli və Nino» filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Thykier, rejissoru «BAFTA» mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə «Academy Award» mükafatı laureatı Christopher Hampton-dur.

Premyerada filmin rejissoru Asif Kapadia, prodüseri Kris Thykier və Əli rolunun ifaçısı Adam Bakri iştirak ediblər.

Asif Kapadia-nın 2015-ci ildə çəkdiyi digər bir ekran əsəri – «Emi» (Amy) «Ən yaxşı tammetrajlı sənədli film» nominasiyasında «Oskar»a namizəddir.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan «Əli və Nino» Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Rusiyanın Azərbaycanı işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Maria Valverde (Nino) çəkilib.

Filmdə, eləcə də, Halit Ergenç, Mandy Patinkin, Connie Nielsen, Riccardo Scamarcio, Homayoun Ershadi, Fəxrəddin Manafov, Assaad Bouab, Numan Acar və digər məşhur aktyorlar iştirak edir.

Bakıda «Əli və Nino» filmi çəkilir- [19 foto]

İctimaiyyətə ilk dəfə təqdim olunan film artıq dünya mediasının da gündəmindədir.

Xarici media «Əli və Nino»nun musiqisini və kinematoqrafiyasını yüksək dəyərləndirir.

Yayımlanmış materiallarda filmin musiqisinin nostalji, eyni zamanda romantik, kədərli, bununla yanaşı ümidverici olduğu qeyd edilir.

Filmin çox hissəsinin orijinal əsərə uyğun çəkildiyi, ekran əsərinin iki insan arasındakı münasibətlərin mənfi və müsbət tərəflərini, eləcə də kənardan göstərilən təzyiqləri əks etdirdiyi bildirilir.

Adam Bakri və Maria Valverde-nin öz obrazlarının sentimental cəhətlərini canlandırdığı, həmişə, hətta ən çətin anlarda belə soyuqqanlıqlarını qoruduğu vurğulanır.

«Əli və Nino»nun yaxın vaxtlarda Bakıda təqdimatı nəzərdə tutulub.