“Zika” virusuna görə təcili iclas çağırıldı

Margaret Chan

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 1-də xüsusi ekspertlərin iştirakı ilə “Zika” virusuna görə fövqəladə iclas təyin edib.

Təşkilatın rəhbəri Margaret Chan virusun sürətlə yayıldığını xəbərdarlıq edib.

İclasda Mərkəzi və Cənubi Amerikada bu virusun peyda olması müzakirə ediləcək.

Bu virus əsasən ağcaqanadlar vasitəsilə və immuniteti zəif olan insanlar arasında yayılır, əsəb sistemini sıradan çıxarır və beyini inkişafdan saxlayır.

Məlumatlara görə, virus Karib hövzəsi və Latın Amerikasında yeni doğulmuş körpələrdə ağır fəsadlara səbəb olub. Xüsusilə də Braziliyada.

2015-ci ilin oktyabrında Braziliyada 3 900 yoluxma halı aşkar edilib.

Amerikalı alimlər epidemiya təhlükəsi olduğunu xəbərdarlıq ediblər.

Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, gələn il Mərkəzi və Cənubi Amerikada 3-4 milyon nəfər bu virusa yoluxa bilər.

Hələlik “Zika” virusuna qarşı elə bir peyvənd və ya dərman tapılmayıb.

Virus xüsusilə hamilə qadınlar üçün təhlükəlidir.