Moldovada etirazlar davam edib

Moldova, 24 yanvar, 2016-cı il

-

Moldova paytaxtı Kişinauda minlərlə etirazçı yeni hökumətin istefası, erkən seçki tələbi ilə nümayişə çıxıb. Etirazı iki rusiyapərəst partiya və AB-yönlü antikorrupsiya hərəkatı təşkil edib. Yanvarın 24-də buna qarşı planlaşdırılan yürüş, toqquşmalar olmasın deyə təxirə salınıb.

Polisin məlumatına görə, 16 min etirazçı mənfi 10 dərəcədə nümayişə çıxaraq, rumın və rus dillərində “Ölkəni geri istəyirik!”, “Birləşin, vətəndaşlar!” şüarları səsləndiriblər.

Zorakılıqlar barədə məlumat yoxdur.

Yanvarın 20-də hakim Demokratik partiyanın (PD) üzvü Pavel Filip Baş nazir təyin olunub. Onun ziddiyyətli oliqarx Vlad Plahotniuc-in təsiri altında olması barədə fikirlər var. Bəzilər isə ölkədə korrupsiyaya uğramış siyasi sinfin yüksəlməsinə etiraz edir.

Birləşmiş Ştatlar, Avropa Birliyi, Rumıniya yeni hökumətlə işləyəcəyini bildirib, onu AB islahatlarını həyata keçirməyə çağırıb.