“MTN işi”nin istintaqı uzun çəkəcək

►5000 şikayət var

““MTN işi”ndə təqsirləndirilənlərin heç biri ittihamları qəbul etmir, cinayətlərin törədilməsində özlərini günahkar saymırlar”.

Bunu AzadlıqRadiosuna “MTN işi” nə görə həbs olunanlardan biri – Mehman Abdullayevin vəkili Kamandar Nəsibov deyib.

“MƏQAMDAN İSTİFADƏ EDİB ƏRİZƏ VERƏNLƏR VAR”

Vəkil söyləyir ki, hazırda işlə bağlı üzləşmələr və dindrmələr keçirilir, ekspertizalar təyin olunur:

“Onlara qarşı irəli sürülən şikayətlərin 30-40 faizi sonradan edilən əsassız şikayətlərdir. Həmin məqamdan istifadə edib ərizə verənlər də var. Hazırda həmin şikayətlər araşdırlır. Təxminən 5 minə yaxın şikayət var. Onların əsasının olub-olmadığı araşdırılır”.

Vəkil deyir ki, ona görə istintaq uzun çəkəcək.

Hazırda həbs olunanlar Bakı İstintaq Təcridxanasında saxlanılır. Onlar ailə üzvləri ilə telefon əlaqəsi saxlayırlar.

MTN-nin 21 sabiq zabiti reketçilik, qanunsuz həbslər, hədə-qorxu ilə tələbetmə və s. ağır cinayətlərdə ittiham olunurlar.

Baş Prokurorluğun noyabrın 25-də yaydığı məlumatda deyilirdi ki, cinayətlər idarə rəisi olan generalların başcılıq etdiyi bir necə zabit qrupu tərəfindən həyata keçirilib. Zərərçəkmiş kimi tanınmış sahibkar və ayrı-ayrı vətəndaşlara dəymiş zərər on milyonlarla ölçülür.