Kadyrov: "qanuni müxalifətlə işim yoxdur"

Ramzan Kadyrov

Çeçenistan rəhbəri Ramzan Kadyrov bildirib ki, böyük rezonans doğuran fikirləri Rusiyadakı qanuni müxalifətə qarşı yönəlməyib,

O özünün “İnstaqramm” səhifəsində yazır ki, söhbət sosial, iqtisadi, kommunal və digər problemlər qaldıran qanuni müxalifətdən getmir.

Kadyrov yazır ki, o sadəcə Rusiyanı tərk edən və xaricdən ona ləkə və böhtan yaxanlara qarşı sərt bəyanat verib.

Kadyrovun sözlərinə görə, onlar ABŞ və Avropaya gedərək Rusiyanı hədələyir və onun iqtisadiyyatı və təhlükəsizliyini pozmaq üçün necə sanksiyalar tətbiq edilməsini göstərirlər.

Kadyrov həmçinin Rusiya prezidentinin insan haqları üzrə səlahiyyətli nümayəndəsi Ella Pamfilovanın onu tənqid eləməsini başa düşmədiyini deyib.

Qeyd edək ki, Ramzan Kadyrov ötən il dekabrın 12-də sistemsiz Rusiya müxalifətçilərini “satqınlar” və “xalqın düşmənləri” adlandırıb və bildirib ki, onlar qəti şəkildə mühakimə olunmalıdırlar.

Ella Pamfilova Kadyrovun dediklərinin ziyanlı və mənasız olduğunu deyib.

Rusiyalı hüquq müdafiəçiləri və ictimai xadimlər ötən cümə internetdə Kadyrovun istefası tələbi ilə məktub yerləşdiriblər.

Onlar Kadyrovu dəfələrlə ölkə qanunlarını pozmaqda ittiham edirlər.