Milli Şura etirazlara görə bəyanat yaydı

Füzulidə etiraz aksiyası

-

Demokratik Qüvvələrin Milli Şurası (MŞ) ölkədə baş verən son proseslərlə bağlı bəyanat yayıb.

Sənəddə son vaxtlar ölkənin müxtəlif yerlərində etiraz aksiyalarının səbəbi kimi ərzaq və gündəlik tələbat mallarının hər gün bahalaşması, rəsmi qurumların durumu normal hala gətirmək üçün addım atmaması göstərilir.

Milli Şura “psixoloji təzyiq və təxribatlara baxmayaraq aksiyalar vasitəsilə xalqın haqqı uğrunda mübarizəni dinc şəkildə aparmasını” təqdir edir və bundan sonra da etirazlarını qeyri- zorakı üsul və sivil şəkildə davam etdirməyə çağırır. “Milli Şura hakimiyyəti ağır iqtisadi duruma saldığı insanların keçirdikləri aksiyaları dağıtmağa yox, onları dinləməyə, problemlərini həll etməyə çağırır.

Siyəzəndə keçirilən etiraz aksiyası zamanı vətəndaşlara qarşı zorakılığa yol verilməsi, saxlanılmış şəxslərdən bəziləri haqda cinayət işi qaldırılması qınanılır. Lənkərandakı aksiyaya görə AXCP və Müsavat partiyaları rayon şöbələrinin sədrlərinin inzibati həbslərinə etiraz ifadə edilir

Müəlliflər iqtidardan xalqın konstitusion hüquqlarına hörmətlə yanaşmağı, sərbəst toplaşmaya şərait yaratmağı, zorakılıq etməməyi, həbs olunanların azadlığa buraxılmasını tələb edir.

Yanvarın 12-də və 13-də Siyəzən, Ağcabədi, Ağsu, Füzuli və Lənkəranda etiraz aksiyaları keçirilib. Etirazçılar ölkədəki qiymət artımını pisləyib. Hüquq-mühafizə orqanları isə yaydığı bəyanatda bu hadisələrlə əlaqədar 55 nəfərin saxlandığını bildirib, Müsavat və AXCP partiya fəallarını, bəzi radikal və dini ekstremist qüvvələri təşkilatçılıqda ittiham edib.