Görəsən, erməni gülləsi dəyib, ya bizimkilərin?

Rüzgar Mövsüm

-

Gənclərin OxuZalına göndərdikləri hekayələrdən

Rüzgar Mövsüm

KƏSƏCƏKLƏR

-Sabahın xeyir.

-Aqibətin xeyir, necəsən?

-Belə də, pis yatmışam. Gecə isti idi.

-Hə... bu gün də çox istidir.

-Gecə yenə atırdılar. Eşidirdin?

-Hə, həmişəki kimi. Bayaq dedilər kəndin girişindəki kiçik çinara da güllə dəyib, o uzun budaqlı var idi ha. Yazığın gövdəsindən səhərə kimi şirə axırdı.

-Yaxşı da? Onun anası da işğal vaxtı yanıb kül olmuşdu, deyəsən, top mərmisi düşmüşdü üstünə. İndi də yazığın özünə güllə dəydi, eh...

-Bədbəxt. Görəsən, erməni gülləsi dəyib, ya bizimkilərin?

-Nə fərqi var? Onu bilirəm ki, bütün gövdəsi deşilib, halı çox pisdir.

2033 yaşlı ağac. Dağlıq Qarabağın indi Sxtoraşen adlanan Şıx Dursun kəndi

-Ay Allah, onun nə yaşı var ki?

-Elədir, hə. Buralarda sonuncu müharibə başlayanda o, lap balaca idi.

-Doğrudan? Mən o vaxt heç yox idim, deyirlər, yaman dəhşətli olub.

-Hə, düz deyirlər, bəzi şeylər mənim yadıma gəlir; məndən biraz aralı tut ağacının budağından düz 6 adam asmışdılar, hətta 7-cini asanda böyük budağı sınmışdı da.

-Vay, vay, yazıqlar. Gör indi tut nə qədər əziyyət çəkib.

-Hə, ölənə qədər yadına salıb ağlayırdı.

-Yazıq.

-Yaxşı, səncə, bu işlərin axırı necə olacaq? Deyirsən torpaqları sülhlə qaytaracaqlar? Ya müharibə olacaq?

-Vallah nə deyim, eşitdiyimə görə aradabir danışıqlar gedir, güya ki, haçansa qaytaracaqlar.

-Hm? Amma qaytarsalar, işimiz bitdi.

-Niyə? Nəyə görə?

-Azərbaycan tərəfdə yaşayan bir tanış şam ağacı var, arada mənə küləklərlə xəbər göndərir. Deyir ki, Azərbaycanda ağacları kəsib yerinə mənasız obyektlər tikirlər, nə bilim mərmərdən park-zad salırlar. Bunlar cəhənnəmə, yerli ağacları kəsib, yerinə Afrikadan, Amerikadan ağac gətirirlər ki, bəs belə daha gözəldir.

-Aaaa, məgər onlar bizim torpaqda yaşaya bilirlər ki?

-Yox da, onlar da yazıqlar bir müddət sonra quruyurlar, ölürlər.

-Dəhşət! Bəs xalq bunun qarşısını almaq üçün heç nə eləmir? Niyə qoyurlar ki, ağacları qırsınlar?

-Qəribə ağacsan e, millət nəyisə fikirləşsəydi, 20 ildən artıq içi biz qarışıq bu torpaqları düşmən tapdağında saxlayardı? Bu torpaqlarda müharibə olardı?

-Hm, o da düzdü...

-Odur ki, elə belə yaxşıdır, çünki o tərəfdəkilərin əlinə düşsək...

-Nə olacaq ki?

-Bizi də kəsəcəklər.