Rusiyada ağ ayı qalmaqalı

A] ay

Rusiyanın Təbii Sərvətlər və Ekologiya nazirliyi prokurorluqdan xahiş edib ki, Arktika sahillərində ağ ayının vurulması ilə bağlı təhqiqata başlasın.

Bu günlərdə internetdə bir ağ ayının əzablarını göstərən video yayılandan sonra ictimai diqqət bu məsələyə yönəlib. Həmin videonu çəkənlərin rus dilində danışığı eşidilir. Güman edilir ki, Vrangel adasında tikinti aparan “Rusalyans” şirkətinin işçiləri ayıya yemək, sonra isə yeməklə bərabər partlayıcı paket atıblar. Çünki videoda ayının yaralandığı görünür.

HEYVANA PARTLAYICI ATIBLAR?

“Rusalyans” şirkəti Vrangel adasında Müdafiə Nazirliyinin sifarişi ilə tikinti işləri aparır.

Nazir Sergey Donski jurnalistlərə bildirib ki, yaralanmış ağ ayı hələ də tapılmayıb. Onun fikrincə, çətin ki, ayı indiyədək sağ qala. Nazir deyir ki, mütəxəssislər ağ ayının müdafiə nəticəsində yaralandığını hesab etmirlər: “Burda özünümüdafiə yoxdur, bu, qəsdən öldürmədir”.

"AYININ SAĞ QALMASI İNANDIRICI DEYİL"

Sergey Donski deyib ki, ayıya sarı partlayıcını yeməklə bərabər atıblar, əks halda, partlayıcı onun diqqətini cəlb etməzdi: “İkincisi, heyvan yaralanır və tezliklə onun mərkəzi əsəb sistemi, beyni süst düşür. Biz mütəxəssislərə müraciət etdik, dedilər ki, ayı bir istiqamətdə dolanıb durur, bu, onun koordinasiyasını itirməsi deməkdir”.

Rusiyada “Qırmızı Kitab”a düşən ağ ayının öldürülməsinə görə Rusiyada 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Dünyada 21-25 min ağ ayı var, onların 5-7 mini Rusiya ərazisindədir. Rusiya Federasiyasında ağ ayının ovlanması 1957-ci ildən qadağan edilib.