Olar mən sənin geyimindən bir azca yeyim?

Tilman Rohrig

-

Tilman Röhrig

Uzlaşma (nağıl)

Almancadan tərcümə edən: Alov İnanna

İyun ayı idi. Tamam böyüyüb tünd yaşıl rəngə çalan Yarpaq meh əsdikcə budaqda yellənirdi.

Günortaüstü, quşlar səhər nəğmələrini dayandıranda, Yarpağın saplağı qıdıqlandı. Bir Tırtıl saplağın üstündə özünü zorla tarazlaşdıraraq azacıq yorğun səslə ona “Günortan xeyir” dedi. Yarpaq həmişəki nəzakəti ilə havadan-sudan söhbət eləyəndən sonra Tırtıldan onu bura gətirən səbəbi soruşdu.

Tırtıl utancaqlıqla “Mən istəyirdim, mən istəyirəm...” dedi, belə görünürdü ki, o, sözlərini sona çatdıra bilməyəcək. Tırtıl bir də yenidən sözə başlamalı oldu:

“Mənim səndən böyük bir xahişim var. Sən hər gün öz yeməyini Ağacdan alırsan, onu axtarmalı olmursan. Mənim üçün isə daim yeməli nəsə tapmaq heç də asan deyil. Mən ona görə burdayam...”

“Sənə kömək edə bisəydim, dərhal eləyərdim”, Yarpaq canıyananlıqla Tırtıla cavab verdi. “Amma mənim heç tərpənə bilməyəcəyim yaşayış yerim bu Ağacın üzərindədir, mən sənə yemək axtarışında kömək eləməyi bacarmaram.”

“Sənin çox gözəl yaşıl paltarın var”, Tırtıl ehtiyatla dedi.

Yarpaq özünün tünd, mütənasib yaşıllığıyla qürur duyub budaqda yelləndi.

“Olar mən sənin geyimindən bir azca yeyim?”

Əvvəlcə Yarpağa elə gəldi ki, Tırtılın dediklərini yanlış başa düşüb. Sonra Tırtılın üzünə baxanda düz eşitdiyini anladı. Aramla nəfəs ala-ala düşündü: “Tırtıl həm ac, həm də yorğundur. Ancaq mən özümün yeganə paltarımdan onun yeməsi üçün bir azca verə bilərəmmi?”

Məsələni anlayanacan qərar vermək çox çətin oldu. Yox desə, Tırtıl ac olduğuna görə onsuz da onun paltarından bir az yeyəcəkdi. O, buna mane ola bilməzdi. Hə desə, Tırtıla kömək eləmiş olcaqdı və onun minnətdarlığından sevinəcəkdi. Hər iki sonluqda Yarpağı deşikli paltarla yaşamaq gözləyirdi.

Yarpaq Tırtılın xahişi ilə razılaşdı. Tırtıl aclıqdan qurtuldu və Yarpağa minnətdarlıqla dolu duyğularını bildirdi.

Payızda Yarpaq özünün deşikli, rəngli, xoşbəxt həyatını bir daha xatırlayacaqdı.