Prezidentlər bu ay görüşür

Serzh Sarkisian və İlham Əliyev

-

«Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışırlar, bu ay görüş olmalıdır».

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Görüşün dəqiq vaxtının hələ məlum olmadığını söyləyən N.Məmmədov bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanmırlar: «Bu da həmin dövlətlərin münaqişənin həllinə ciddi, ədalətli yanaşmadıqlarını göstərir. Qərb ölkələri və digər dövlətlər bir dəfə deməyiblər ki, Azərbaycan bir milyon qaçqın və məcburi köçkünü necə yerləşdirəcək, yaşadacaq? Amma indi 500-600 min qaçqının qarşısında bütün Avropa bilmir ki, nə etsin. Qərb dövlətləri və digər dövlətlər bir dəfə də demirlər ki, qaçqın və məcburi köçkünlərin fundamental hüquqları pozulub».