ABŞ Dövlət katibi John Kerry digər NATO üzvlərinin də “İslam Dövləti” qrupu ilə mübarizəni gücləndirməyə hazır olduqlarını deyir.
Kerry bunu dekabrın 2-də Brüsseldə bəyan edib.
Kerry bildirib ki, o NATO ölkələri xarici işlər nazirlərindən “İslam Dövləti” qrupunun Suriya və İraqdakı yuvalarına daha çox zərbələr endirilməsi və onun beynəlxalq şəbəkəsinin məhv edilməsini istəyib.
O bir sıra ölkələrin bu yöndə çox işlər gördüyünü bildirib, amma konkret öhtəliklər barədə açıqlama verməyib.
Qeyd edək ki, Almaniya bu günlərdə Yaxın Şərqə qüvvələr və qeyri-döyüş avadanlıqları göndərib.
Həmçinin Britaniya parlamenti dekabrın 2-də ölkənin Suriyada “İslam Dövləti”nə qarşı hava zərbələrinə qoşulmasını müzakirə edir.
John Kerry Böyük Britaniyanın baş naziri David Cameronun bu məsələni parlamentdə səsə çıxarmasını alqışlayıb.
O həmçinin digər ölkələrin yeni planlar təklif edəcəklərini bildirib.