Parisdə iqlim sammiti keçirilir

Noyabrın 29-da Londonda, Parisdə iqlim dəyişikliyinə qarşı nümayişlər keçirilib

-

Dünyanın 150-dək ölkəsinin liderləri Parisə iqlim sammitinə toplaşır. Noyabrın 30-da və dekabrın 1-də keçiriləcək BMT iqlim konfransında Yer kürəsində temperaturun qalxmasının önlənməsi üçün uzun müddətli razılaşma üzrə danışıqlar aparılacaq.

Bu ay Fransa paytaxtında terror hücumlarından sonra konfransa görə sərt təhlükəsizlik tədbirləri görülür.

COP21 adlıq konfransda 196 ölkə təmsilçiləri planetdə istiləşmənin səbəbi sayılan istixana qazlarının atmosferə buraxılması üzrə razılaşma üzərində işləyəcəklər.

ABŞ, Çin, Rusiya prezidentləri, eləcə də Hindistanın baş naziri konfransa qatılanlar arasındadır.

“Bu toplantını fərqləndirən odur ki, 180-dən çox ölkə zərərli qazların miqdarını azaltmaq üçün planlarını təqdim edib,” ABŞ prezidenti Barack Obama sammit öncəsi deyib.

Bu məsələ onillərdir müzakirə olunsa da, tərəflər arasında fikir ayrılıqları qalır.