Türkiyə-Rusiya gərginliyi Orta Asiyanı çətin duruma salıb

Nursultan Nazarbaev və Gurbanguly Berdimuhamedov.

-

Noyabrın 24-də Türkiyənin Rusiyanın hərbi təyyarəsini vurması Orta Asiya dövlətlərini çox çətin vəziyyətə salıb. Orta Asiya respublikalarından heç biri müstəmləkəçi Rusiya ilə problem olmasını istəmir. Ancaq eyni zamanda, qazaxlar, qırğızlar, türkmənlər və özbəklər türk xalqlarıdırlar. Sovet İttifaqının dağılmasından ötən 25 ildə Ankara mədəni və dil qohumluğundan istifadə edərək, bu ölkələrlə əlaqələrini uğurla inkişaf etdirib.

Təyyarənin vurulmasının səhəri günü Qazaxıstanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Hadisəni «təəssüf doğuran faciəvi insident» adlandırıb. Bəyanatda həm Rusiyanın, həm də Türkiyənin beynəlxalq terrorizmə qarşı mübarizə apardığı vurğulanır. Hər iki tərəf gərginliyi aradan qaldıraraq, səylərini bu mübarizəyə yönəltməyə çağırılır.

Bu bəyanatın özü göstərir ki, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan sözügedən məsələdə necə incə bir ipin üzərində yeriyirlər. Rusiya onlar üçün böyük ticarət tərəfdaşıdır. Sovet dövründən qalmış çox bağlar var ki, onları hələ də Moskvaya bağlayır.

«GÜC SİYASƏTİNİN GİROVU»

Türkiyə də bu respublikalar üçün iri ticarət tərəfdaşıdır. Həm də onların təbii dostudur. 20 ildən çoxdur ki, Orta Asiyadan olan tələbələr Türkiyənin ali məktəblərində təhsil alırlar. Qazaxıstan, Qırğızıstan və Özbəkistan vətəndaşlarının Türkiyəyə girişi üçün viza tələb olunmur.

Orta Asiyanın bu dörd ölkəsinin hamısında türk tikinti şirkətləri fəal iş görürlər. Türkmənistanda onlar, ümumiyyətlə, inhisarçı mövqeyə malikdirlər. Bu ölkənin tikinti sektorunda türk şirkətlərindən başqa iş görən yeganə xarici şirkət Fransanın «Bouygues» şirkətidir.

Amma Rusiyanın Orta Asiyada təkcə 70 illik tarixi yox, indi həm də Qırğızıstanda hərbi bazası var. Bundan başqa, Qazaxıstanın Rusiya ilə təxminən 7 min kilometrlik sərhədi var. Bu baxımdan Orta Asiya mediasının Rusiya-Türkiyə gərginliyi mövzusunda ehtiyatlı və lakonik davranmasını başa düşmək çətin deyil.

Qazaxıstanın tanınmış siyasi şərhçisi Dosym Satpaev deyib: «Qazaxıstan Rusiyanın güc siyasətinin girovuna çevrilməməlidir. Çünki biz Rusiyanın hərəkətlərinin öz tərəfdaşları üçün problemlər doğurmasının getdikcə daha tez-tez şahidi oluruq».

Saptaev-in fikrincə, hazırkı vəziyyətdə Qazaxıstanın kimisə tərəfini tutması lazım deyil. Amma gələcəkdə elə vəziyyət yarana bilər ki, Astanadan hansı düşərgədə olduğunu aydın şəkildə bəyan etmək tələb oluna bilər.