Daxili borclanma həddi 3 dəfə artırıldı

Beynəlxalq Bank

-

2015-ci il boyu daxili dövlət borclanmasının yuxarı həddi 1.5 milyarddan 4.5 milyard manata yüksəldilib. Bu yenilik prezident İlham Əliyevin «Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında» qanununa dəyişikliyi təsdiqləməsindən sonra qüvvəyə minib.

Dəyişikliyi nəzərdə tutan qanun layihəsi Milli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasında qəbul edilmişdi. Yenilik 2015-ci ilin iyulun 15-dən bəri olan dövrə keçərli sayılacaq.

Mütəxəssislər daxili borclanma limitinin yüksəldilməsini Beynəlxalq Bankın fəaliyyətini sağlamlaşdırmaq cəhdlərinə bağlayırlar.

Bank məsələləri eksperti Əkrəm Həsənov daxili borclanmanın yeni həddini müsbət addım sayır: «Çünki Beynəlxalq Bankın müflisliyi bank sisteminin çökməsi demək olardı. Bu baxımdan başqa yol yoxdur».

Ekspertin fikrincə, indi başlıca məsələ bu deyil: «Əsas odur ki, bu bankı «sağlamlaşdıran» adamların özü sağlamdırmı və bu işi layiqincə görə biləcəklərmi? Onların əvvəlki fəaliyyətini nəzərə alsam, buna az inanıram».