Təbriz teatrı Bakıya gələcək

Görüş

-

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Seyid İbrahim İbrahiminin təklifinə əsasən, mərkəz sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Dövlət Akademik Milli Dram Teatrında görüş keçirilib.

Teatrdan AzadlıqRadiosuna verilən xəbərə görə, görüşdə Təbriz teatrının rejissoru Babək Nəhreyi, illüziya ustası Cavad Əkbəri, rəssam Əkbər İsmaili iştirak edib.

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov iki qonşu ölkə arasında teatr əlaqələrinin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb, qarşılıqlı əməkdaşlığın zəruriliyi haqda danışıb.

İ.İsrafilov Milli Dram Teatrının kollektivininFəcr Beynəlxalq Teatr Festivalında iştirak etdiyini,təqdim olunan səhnə əsərinin iranlı tamaşaçılar tərəfindən diqqət və maraqla qarşılandığını bildirib. Direktor nümayəndə heyətinin Təbriz teatrı və Akademik Milli Dram Teatrı arasında gələcək əməkdaşlıq təklifini müsbət dəyərləndirib, yaradıcı mübadilənin faydasını vurğulayıb.

Mədəniyyət Mərkəzinin sədri Seyid İbrahim İbrahimi teatr əlaqələrini daha da genişləndirməkdə maraqlı olduqlarını vurğulayıb. Mərkəz sədri 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlində Təbriz teatrının Akademik Milli Dram Teatrında tamaşa ilə çıxış etmək niyyətində olduğunu qeyd edib.

Görüşdə «Robinzon və Kruzo», «Siçan və pişiyin əhvalatı» tamaşalarının Akademik Milli Dram Teatrında təqdim olunması ilə bağlı müzakirələr aparılıb və qarşılıqlı razılıq əldə olunub.