İsveçdə axtarılan şəxs saxlandı

Paris, 19 noyabr, 2015-ci il

-

İsveçin hüquq-mühafizə orqanları bildirir ki, “terror hücumu” planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanıb. İki gün idi həmin adamı axtarırdılar. Ötən həftə Parisdəki hücumlardan sonra ölkədə terror hücumu sarıdan qorxu artmışdı.

Mutar Muthanna Majid adlı iraqlı noyabrın 19-da saxlanıb. Təhlükəsizlik xidməti onun Boliden şəhərinin şimal-şərqində qaçqın mərkəzinə reyd zamanı saxlandığını bildirir. Məlumatı Frans Press yayıb.

“Heç bir insident baş verməyib,” İsveçin təhlükəsizlik polisi – Sapo-nun sözçüsü Fredrik Mildner dpa-ya deyib. O, İsveçdə terror həyəcanı səviyyəsinin saxlandığını, endirilmədiyini sözlərinə əlavə edib.

Sapo rəhbəri Anders Thornberg deyib ki, agentlik “konkret kəşfiyyat” məlumatı əsasında hərəkət edib və bu həbsin Parisdəki 13 noyabr hücumuyla əlaqəsi yoxdur. Həmin hücumlarda azı 129 nəfər həlak olub.

Saxlanan şübhəlinin ekstremist İslam Dövləti (İD) qruplaşması ilə bağlı olduğu bildirilir. Bu qrup Paris hücumlarına görə məsuliyyəti üzərinə götürüb.