«Qarakənd faciəsi»ndən 24 il keçir

Qarakənddə Azərbaycan vertolyotunun vurulmasından arxiv fotoları

-

Tarixdə adı daha çox “helikopter qəzası” və ya “Qarakənd faciəsi” kimi xatırlanan faciədən 24 il keçir.

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın rəsmi şəxslərinin olduğu helikopter qəzaya uğrayıb. Rəsmi versiyaya görə, helikopterə Ermənistan silahlı qüvvələri tərəfindən atəş açılıb.
Nəticədə içəridəki 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.

İlkin rəsmi məlumatlarda helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib.

Faktla bağlı hadisənin ertəsi günü Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilib.

Sonradan cinayət işi üzrə istintaq dayandırılıb. Səbəb hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasıdır. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.

Həmin hadisə ilə bağlı bu günədək müxtəlif versiyalar səsləndirilir.