“Assad-ın gələcəyinə dair narazılıq qalır”

Suriyada nümayiş

-

ABŞ Dövlət katibi John Kerry deyir ki, Suriya prezidenti Bashar al-Assad-ın gələcəyi barədə Vaşinqtonla Rusiya və İran arasında narazılıq qalır. Bu məsələ Suriyada vətəndaş müharibəsinə son qoymaq planının bir hissəsi kimi müzakirə olunur.

Kerry noyabrın 12-də deyib ki, Assad hakimiyyətdə qaldıqca, nə sülh, nə də ekstremist İslam Dövləti qruplaşmasının məhvi mümkündür. “Real keçidsiz” dörd illik müharibə “heç vaxt bitməyəcək”.

“Biz Rusiya və İranla Assad və onun rolunu müzakirə edirik. Hələ də həll olunmayıb. Bunu etiraf edirik. Ancaq... tərəfdaşlarımızla birlikdə inanırıq ki, irəliyə doğru yol tapılacaq”.

Kerry Vaşinqtondakı beyin mərkəzi – ABŞ Sülh İnstitutunda çıxış edib. Noyabrın 14-də Vyanada Suriya sülh danışıqları keçiriləcək. Danışıqlarda 17 ölkə və 3 beynəlxalq qurum iştirak edəcək.

İranla Rusiya Assad-a dəstəyi artırıb. Moskva Suriya hökumətinin İD və digər islamçı silahlılar, eləcə də mötədil Suriya müxalifət qruplarına qarşı savaşını dəstəkləyir.