Təyyarəyə bomba qoyulduğu güman edilir

Təyyarə qəzasının qurbanları, Sankt Peterburq

-

Misirin Sinay yarımadasında qəzaya uğramış Rusiya təyyarəsinə İslam Dövləti silahlı qruplaşmasının bomba qoyulmasına dair bəzi dəlillər var. Bunu ABŞ və Avropanın təhlükəsizlik mənbələri noyabrın 4-də deyib.

“Qəti bir fikir var ki, yük yerinə, yaxud təyyarədə başqa bir yerə partlayıcı qurğu qoyulub,” ABŞ rəsmisi CNN-ə deyib. Rəsmilərin sözlərincə, bombanı İD-nin Sinay qanadının qoyması barədə də ilkin nəticələr mövcuddur.

Təsdiqlənsə, bu, İD-nin sərnişin təyyarəsinə ilk hücumu sayılacaq. Ancaq kəşfiyyatçılar əməliyyata İD-nin Raqqakı liderlərinin göstəriş vermədiyini düşünür. Onların fikrincə, bombanı İD-nin Sinay qanadı yerləşdirə bilər. Bu qanad Sinayın şimalında fəaliyyət göstərir, toqquşmalarda yüzlərlə polis, əsgər həlak olub.

ABŞ rəsmisi Frans Pres-ə deyib ki, Rusiyanın Suriyada İD hədəflərinə zərbə endirdiyi bir vaxtda rusiyalı turistlərlə dolu təyyarənin vurulması “İŞİD-in həyata keçirmək istədiyi bir işə oxşayır”.

İD qəzaya görə məsuliyyəti üzərinə götürsə də, Rusiya bu versiyanı rədd eləmişdi. Təyyarə qəzasında 224 nəfər həlak olub.