Türkiyənin Qaziantep əyalətində İslam Dövləti qrupu ilə əlbir olmaqda şübhəli bilinən 9 nəfər saxlanıb.
Onlar İstanbulda siyasi partiyaların ofislərində terror aktları planlaşdırmaqda şübhəli bilinirlər.
Yerli qubernatorun ofisindən verilən məlumata görə, onlardan 2-si oktyabrın 30-da Qaziantep şəhərində maşın qaçırdıqdan sonra saxlanıblar.
Qalan 7 nəfər isə bundan sonra polisin keçirdiyi reydlər zamanı həbs olunub.
Onlardan əl qumbaraları, silah və digər partlayıcılar götürülüb.
Ofisin məlumatına görə onlar 1 noyabr seçkiləri ərəfəsində ölkədə qorxu və xaos yaratmaq istəyirmişlər.
Prokurorluq İslam Dövləti qrupunun Qaizantepdə şöbəsi olmasına tutarlı dəlillər olduğunu bildirir.
Xatırladaq ki, ötən ay Ankarada törədilən iki partlayışda 100-dən çox adam öldü.