- "Həqiqətən, hər cür şəraitin, maddi imkanların olduğu bu ölkədə kinematoqrafiya niyə inkişaf eləmir?
Qazax kinoşünası və tənqidçisi Gülnarə Abikeyevanın məqaləsi bu sualı ətraflı cavablandırıb."
Aygün Aslanlı
Qırğız kinosu necə dirçəldi?
Oktyabrın ortalarında “Qobustan” jurnalının təşəbbüsü ilə Mədəniyyət və İncəsənət Universitetində “Müasir Azərbaycan kinosunun problemləri” mövzusunda dəyirmi masa keçirilmişdi.
Mövzu müasir Azərbaycan kinosu idi, amma problemlər köhnə. Ölkədə prodüsser kinosunun olmaması, prokat sisteminin işləməməsi, modern texnika ilə işləyəcək kadrların yoxluğu.
Azərbaycanda hələ də kino haqqında qanun qəbul olunmayıb, layihələrin, ssenarilərin seçimində şəffaflıq yoxdur, nəticədə isə istehsal olunan əksər filmlərin adı var, özünü isə rejissor, çəkiliş heyəti və Bədii Şuradan başqa heç kim görməyib.
Son 3-4 ildə cəmi iki uğurlu film çəkilib: Elçin Musaoğlunun “Nabat” və Asif Rüstəmovun “Axınla üzüaşağı” filmləri.
Dəyirmi masada da bunlar danışıldı, danışıldı, keçmiş xatırlandı, indi tənqid olundu, ancaq gələcək yenə də naməlum qaldı.
Həqiqətən, hər cür şəraitin, maddi imkanların olduğu bu ölkədə kinematoqrafiya niyə inkişaf eləmir?
Ya da sualı başqa cür qoyaq: Prosesin istiqamətini üzüyuxarı dəyişmək üçün neynəyə bilərik?
Əslində cavab çox sadədiк. Qazax kinoşünası və tənqidçisi Gülnarə Abikeyeva “Möhtəşəm səkkizlik və ya Qırğız kinosu necə dirçəldi” adlı məqaləsində bu sualı ətraflı cavablandırıb.
Qırğızıstanla 70 il eyni köynəkdə yaşadığımızı, oxşar proseslərdən keçdiyimizi nəzərə alıb, Qırğız kinosundakı dəyişikliklərin bizim üçün keçərli olduğunu düşünərək, həmin məqaləni diqqətinizə çatdırmaq istədik:
“Yadımdadır ki, 2005-ci ildə qırğız kinematoqrafçılarının təşəbbüs qrupu tərəfindən hazırlanmış “Kinonun inkişaf strategiyası 10+” ciddi şübhə yaratmışdı.
O, 2010-cu ilə qədər nəzərdə tutulmuşdu. 43 səhifəlik sənəddə yazılmışdı ki, hər il Qırğızıstanda on tammetrajlı film çəkiləcək. Bu cümlə o vaxt məndə gülüş doğurmuşdu.
Ardınca da onlardan beşinin “A” kateqoriyalı festivallara təqdim ediləcəyi qeyd olunmuşdu ki, bu da mənə tamamilə qeyri-mümkün görünmüşdü.
Artıq 2015-ci ildir və vəziyyət belədir: ölkədə 40-45-ə yaxın film çəkilir, onlardan beşi həqiqətən dünyanın böyük kinofestivallarında iştirak edir. İstər-istəməz, nəyin birinci, nəyin ikinci olduğu haqqında düşünürsən - fikir, yoxsa materiya?
2005-ci ildə qırğız kinosunun maddi vəziyyəti elə idi ki, kino sənayesi demək olar ki, dövlət tərəfindən maliyyələşdirilmirdi, bədii filmlər bir neçə ildən bir çəkilirdi, o da əsasən ko-produksiyalar olurdu, yəni digər ölkələrin vəsaitləri hesabına başa gəlirdi.
1998-dən 2005-ci ilə qədər Qırğızıstanda altı tammetrajlı bədii film istehsal edilmişdi:
“Beşkempir” (A.A.Kubat; Qırğızıstan-Fransa 1998 ), “Maymıl” (A.A.Kubat; Fransa-Qırğızıstan-Yaponiya 2001), “Qardaşım, İpək yolu” (M. Sarulu; Qırğızıstan-Qazaxıstan 2002), “Saratan” (E.Abdıjaparov; Qırğızıstan-Almaniya 2004), “Manqurt üçün ağlayan ana” (B. Karaqulov, Qırğızıstan 2004), “Coşğun çay, sakit dəniz” (M.Sarulu, Qazaxıstan 2005).
İndi isə birdən-birə ildə on film çəkəcəklərini elan eləyirdilər. Buna ironiyadan başqa necə münasibət göstərmək olardı?
Yeri gəlmişkən, strategiyanın əsas bəndlərindən biri qırğız kinosunun saytını yaratmaq idi. O, hələ 2005-ci ildə yaradılıb və bu gün də uğurla işləyir: http://www.kyrgyzcinema.com/
Elə burdaca “Kinematoqrafiyanın 10+ inkişaf fondu”na yönləndirmə tapmaq mümkündü. Strategiya da onun bazasında hazırlanıb.
Yəni əvvəlcə ideya vardı: baxmayaraq ki, hələlik dövlətin lazımi vəsaiti yoxdu, amma kinonu dəstəkləmək və inkişaf etdirmək lazımdı. Amma necə?
Qərara alındı ki, ilk növbədə kino sahəsinə gənclər cəlb olunmalıdı. 1990-2000-ci illər arasında çəkənlər artıq 50 yaşlarına çatmışdılar.
Hər kəsə aydın idi ki, kinematoqrafik nəsil yenilənməlidir.
Gənclər üçün ustad dərsləri, kurslar təşkil olunmağa başlandı. Əvvəlcə altıaylıq, sonra doqquzaylıq.
Şəxsən mən özüm Bişkekə gedib kinofestivallarda ustad dərsləri vermişəm. Hələ o vaxt hər şeyin çox yaxşı təşkil edilməyi məni heyrətləndirmişdi.
“Manas” Qırğız-Türk Universitetinin nəzdində, təcrübəli rejissor Artık Suyundukovun rəhbərliyi altında.
Tələbələri istedadlarına görə seçir, hardan çörək tapacaqlarını fikirləşmədən rahat oxuya bilsinlər deyə, təqaüd ödənirdi.
Qısametrajlı filmlərin çəkilişi üçün texnika ayrılır, diplom verilirdi- bir sözlə, hər şey necə lazımdısa elə.
Özü də iki buraxılışla kifayətlənmədilər. İndiyə qədər hər il yeni məzunlar olur. “Kinonun inkişaf fondu” isə qırğız qısametrajlı filmlərindən ibarət toplular buraxır və onların beynəlxalq kinofestivallara düşməyinə yardım edir.
Nəticədə Qırğızıstanda heç kimin gözləmədiyi bir kino bumu yaşanır.
Bununla belə, müstəqil Qırğızıstanda böyüyən gənclik fərqlidi – dövlətdən sədəqə gözləmir.
Özü kino çəkir, onları göstərmək üçün kinoteatrlar yaradır və sair.
Nəticədə Qırğızıstanda heç kimin gözləmədiyi bir kino bumu yaşanır.
Bu ölkədə istehsal olunan tammetrajlı bədii filmlərin sayı 2012-ci ildə 20-ə, 2015-də isə 40-45-ə çatıb. Düzdü, onların əksəriyyəti kommersiya, əyləncəli və ya folklor xarakteri daşıyır, qırğız kinematoqrafçılarının özləri də filmlərin keyfiyyətindən narazıdırlar.
Lakin dialektikanın qanunları, xüsusilə də “kəmiyyətin keyfiyyətə keçməsi” həmişə işləyir. Belə ki, çoxsaylı filmlərin arasında ən azı beşi beynəlxalq festivallara dəvət olunur və müasir qırğız kinosunun yüksək sənət imicini qoruyur.
Onları çəkən rejissorların adlarına baxanda isə qırğız kinosunda nəsil dəyişikliyinin baş verdiyini görürük.
Həmçinin bu ekran əsərlərinin hamısı Qırğızıstandakı özəl kinoşirkətlərin – “Aytışfilm”, “Mandala”, “Oy-art”, “Sea” və “Qırğızfilm” milli kinostudiyasının birgə səyləri ilə yaranıb. Ki, bu da şəxsi biznesin və dövlətin kinoya dəstəyinin göstəricisidir.
Bütünlükdə isə qırğız kinosunun inkişafı - orta nəsil kinematoqrafçıların öz səylərini birləşdirmələrinin nəticəsidi.
Yeri gəlmişkən, 2005-ci ildə “Kinonun inkişaf strategiyası”nda iki bənd də vardı: milli kino mükafatının yaradılması (artıq Qırğızıstanda üç ildir ki, “Ak İlbirs” mükafatı təqdim olunur) və kinofestivalların keçirilməsi.
23-27 avqust 2015-ci ildə Bişkəkdə artıq sayca beşinci müəllif kinosu festivalı baş tutub. Festival kiçik formatda keçirilsə də, onun əsas məqsədi qırğız kinosunu təbliğidir və bu da işə yarayır”.